Ali təhsil müəssisəsi
Ali təhsil müəssisəsi — 1)ümumi təhsil və elmi-siyasi bilik verən ən yüksək təhsil müəssisəsi; 2)xalq təsərrüfatının, elm və mədəniyyətin müxtəlif sahələri üçün yüksək ixtisaslı mütəxəssislər, elmi və pedaqoji kadrlar hazırlayan, ali və orta ixtisas məktəbləri müəllimlərinin, xalq təsərrüfatı mütəxəssislərinin ixtisasını təkmilləşdirən, nəzəri və tətbiqi xarakterli elmi iş aparılan təhsil müəssisəsi; 3)Azərbaycan Respublikası qanunvericiliyi ilə əsaslandırılan, fəaliyyət göstərən və hüquqi şəxs statusuna malik olan təhsil müəssisəsi. Təhsil müddəti 4-7 ildir.
Ali təhsil müəssisəsi cəmiyyətin tələbatına uyğun yüksək ixtisaslı mütəxəssislər hazırlığı ilə məşğul olan təhsil müəssisəsinin yüksək tipi, fasiləsiz təhsilin mühüm bir həlqəsidir. Ali təhsil müəssisələrinin müxtəlif növləri fəaliyyət göstərir: universitetlər, institutlar, akademiyalar, konservatoriyalar və digər ali təhsil müəssisələri bu qəbilədəndir. Ali təhsil müəssisəsinin səmərəli fəaliyyət göstərməsi ona düzgün rəhbərlikdən, təhsil-tərbiyə prosesinin elmi-pedaqoji əsaslarda idarə edilməsindən çox asılıdır. Ali təhsil müəssisəsinin "idarə edilməsi" və "ona rəhbərlik" bir-biri ilə sıx bağlı anlayışlardır. İdarəetmə dedikdə, müəyyən obyektə (məktəbə, pedaqoji kollektivə) məqsədyönlü, planlı, mütəşəkkil təsirləri təmin edən fəaliyyət başa düşülür. İdaəretmə obyektləri şəxsiyyət və ya kollektiv olduqda idarəetmə rəhbərlik forması kəsb edir. Başqa sözlə, rəhbərlik bilavasitə insanlarla işdə idarəetmə vəzifələrini həyata keçirməklə bağlı səmərəli fəaliyyət növüdür. Bu halda idarəetmə subyektləri və obyektləri ümumi məqsəd naminə şüurlu şəkildə qarşılıqlı fəaliyyət göstərir.